ANA DİLİNDƏ SAVAD ALMAQ ZƏRURİ ƏMRDİR
* mənbə: Ayna qəzeti-ndən Baki
Bunu Ərdəbilin imam cüməsi, höccətülislam Amili "Araz" qəzetinin kollektivi ilə görüşündə söyləyib
Sədrəddin
Güney Azərbaycan Milli Hərəkatı özünün həssas dövrünü yaşayır. Bu gün ayrı-ayrı fədakar ziyalılarımız, tələbələrimiz, habelə adi soydaşlarımız deyil, hətta rejimi təmsil edən bir sıra din xadimləri belə, Azərbaycan türkünün təbii haqlarını müdafiə etməkdədirlər. Ancaq sonuncuların çıxışlarında səmimiyyət dərəcəsini müəyyən etmək çətindir. Hərçənd onların söylədikləri hərəkatın tələblərindən sayıla bilər. Bu baxımdan təqdim etdiyimiz yazı maraqlıdır.
Güney Azərbaycanın Ərdəbil şəhərində "Araz" adlı qəzet dərc olunur. Onun yiyəsi və redaktoru Əli Nəzəri Şeyx Əhməddir. Qəzetin 53-cü sayında "Ana dilində savad almaq zəruri əmrdir" başlıqlı yazı çap olunub. Bu yazı "Araz"ın redaktoru və redaksiya heyəti ilə vilayəti-fəqihin (ayətulla Xamneyinin) Ərdəbildəki nümayəndəsi və buranın imam cüməsi höccətülislam Amili arasında keçirilən görüşə həsr olunub. İmam cümə bu görüşdə qonaqlarının bir sıra suallarına cavab verib. O deyib: "Ümumiyyətlə, emosionallıq milliyyətçilikdən fərqlənir. Cəmiyyətin bu həyəcanı vasitəsilə böyük nailiyyətlər əldə etmək olar". Amili vətəni sevməyin milliyyətçi düşüncədən ayrı olduğunu vurğulayaraq söyləyib: "Peyğəmbərimiz də öz vətəni Məkkəyə daha çox bağlı idi". Höccətülislam türklərin mədəniyyətinə, qədimliyinə və kamilliyinə işarə edərək belə deyib: "Bizim keçmiş ədəbiyyatımız və tariximiz ibrət götürməli, öyrənilməli məsələlərlə doludur. Mən özüm təxminən iki min atalar sözü toplamışam. Ola bilməz ki, mən hər hansı atalar sözümüzə rast gələm, onu yaddaş etmədən tez ötüb keçəm. Biz tariximizi öyrənməliyik. Ana dilində məktəb və universitetlərdə təhsil alınmasını zəruri sayırıq. Burada pis əməl görmürük. Ancaq gərək şübhəli ittihamlardan özünüzü qoruyasınız. Çünki xalq və məsullar bu sözləri o kəslərin dilindən eşitmək istəyir ki, belələri öz istəklərində səmimidirlər".
Vilayəti-fəqihin Ərdəbildəki nümayəndəsi görüşdə qəzetlərlə bağlı fikir söyləyib. O deyib: "Mən əyalət mətbuatını izləyir və mütaliə edirəm. Orada Ərdəbil tarixindən az yazırlar. Siz buradakı (Ərdəbili nəzərdə tutur - S.) qələm sahiblərindən gərək daha çox faydalanasınız". Bu görüşdə "Araz"ın məsulu Ə.N.Şeyx Əhməd və qəzetin vəziyyəti barədə höccətülislam Alimiyə məlumat verib. Redaktor qəzetin üzləşdiyi çətinliklər barədə deyib: "Ərdəbil əyalətinin məsullarını tənqid etmək olmur. Hər hansı idarə rəhbərini tənqid etmək az qala qəzetin bağlanmasına gətirib çıxara bilir. Biz çalışırıq ki, qanun çərçivəsində hərəkət edək, "Qırmızı xətləri" keçməyək. Biz Azərbaycan xalqının yasal hüquqlarını müdafiə edirik. Ələlxüsus ana dilində təhsil və Ana Yasanın 15-ci maddəsinin (dillə bağlı - S.) icra olunmasını istəyirik". İmam cümə qonaqlarının çıxışlarına cavab olaraq söyləyib: "Sizin götürdüyünüz çərçivə çox yaxşı və hərtərəflidir. Siz öz işinizi davam etdirin. Bilin ki, dövlət məmurları və məsullar mətbuatın tənqidini nəzərə alırlar. Ancaq elə edin ki, bu yazılar əsaslı, dəlil-sübutlu olsun".
Görüşdə daha bir nəfər, höccətülislam Əzimi də iştirak edib. O, Quranın "Rum" surəsinin 22-ci ayəsinə işarə edərək deyib: "Bu ayə dillərin müxtəlif olması haqdadır. Əgər Allah məsləhət bilsəydi, bütün insanları birdilli yaradardı. Millətlərin ana dilini məhv edərək onu farslaşdırmaq nəzəriyyəsi məntiqəziddir. Bu nəzəriyyə türkdillilərin tarixini təhrif etməkdir. Bu proses 1915-ci ildən, Əhməd Kəsrəvi tərəfindən (bu şəxs Azərbaycan türkü olsa da, türklərin "azəri" adlı millət olması haqda qondarma nəzəriyyə irəli sürdü. Həmin nəzəriyyəyə görə, Azərbaycan türkləri fars dilinin bir ləhcəsində danışır və onların qoludur - S.) başlayıb. Bu gün də həmin yanlış nəzəriyyə şahçılar, şovinistlər tərəfindən davam etdirilir. Buna qarşı çıxış etmək lazımdır. Təəssüflər olsun ki, bu gün biz başqa məsələlərin şahidi oluruq. Belə ki, mədəni işlərlə məşğul olanlar hələ də bizim dediklərimizi və hərəkətlərimizi, Ana Yasa çərçivəsində fəaliyyət göstərməyimizi, vilayəti-fəqihi dəstəkləməyimizi, İran İslam Respublikasının ərazi bütövlüyünə səmimiyyətimizi isbat etməyimizə inanmırlar. Belələri yenə də bizlərə "bölücü", "pantürkist", "yerlibaz", "xaricəmeylli" damğalarını vururlar. Onlar bu hərəkətləri ilə bizə mənəvi işgəncə verirlər".
Höcəttülislam Əziminin Güney Azərbaycanın Nəğədə şəhərində (Sulduz) çıxan "Ərmağane-Azərbaycan" qəzetinin 20-ci sayında "Biz nə istəyirik?" başlıqlı yazısı çap olunub. Qeyd edək ki, bu qəzetin yiyəsi İrəc Süleymanzadədir. Əzimi məqaləsində istəkləri qruplara bölərək belə yazıb:
"Biz aşağıdakıları istəyirik:
1. Müxtəlif millətlərin öz ana dilində təhsil almasının ölkə Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsini;
2. Yerli dildə (Azərbaycan türkcəsi nəzərdə tutulur - S.) televiziya verilişlərinin yayınlanmasını;
3. Türk, kürd və başqa dillərdə akademiyanın yaranmasını;
4. Ana Yasanın 15-ci maddəsinə uyğun olaraq qanun çərçivəsində nəşr olunan yerli qəzetlərin fəaliyyətinə maneələrin törədilməməsini;
5. Şovinist tarixçilərin qarşısında dayanmağı, çünki onlar türkdillilərin tarixini təhrif edirlər;
6. Dövlət orqanlarında işləyənlər iğtişaş salıb türklərə yuxarıdan-aşağı təhqiredici münasibət göstərirlər. Biz belə davrananlara qarşı mübarizə etmək istəyirik.
Bizim bu istəklər Ana Yasa çərçivəsindədir. Yerli qəzetlər, ziyalılar, türkdilli şüurlu tələbələrimiz siyasi partiyaların olmaması ucbatından təkbaşına emosionallıqla siyasi təşkilatların da funksiyalarını öz üzərlərinə götürüblər. Partiya və başqa ictimai təşkilatların yoxluğu üzündən pərakəndə fəaliyyət göstərirlər".
Höcəttülislam Əzimi yuxarıda qeyd etdiyimiz istəklərlə yanaşı, bunları da yazıb:
"Latın əlifbası ərəb yazısından üstün deyil. Ona görə xarici həmdillilərimizin (Quzey Azərbaycanı nəzərdə tutur - S.) əlifbası latıncadır. Ancaq bu haqda mübahisə etməyin zərəri xeyrindən çoxdur. Ərəb əlifbasını müdafiə etməyimiz bizim inkişafımız üçün xeyirli və məsləhətlidir. Ərəb əlifbasında türk dilindəki saitlər çatışmır. Bu da neçə illərdir ölkədə təşkil olunan orfoqrafiya seminarlarında müzakirə edilir və həll olunur...
...Biz gərək özümüzü separatçılardan fərqləndirək. Onların şüarlarına uymayaq. Bizim milli məsələlərimiz bir gün qanun çərçivəsində həll olunarsa, bu separatçılar matəm edib deyəcəklər: "Nədən bizim məsələmiz qanunla həll olundu?". Bir tərəfdən şovinistlər mədəni və ədalətli ziyalılarımızı bölücülükdə ittiham edib, onları "yalançı" adlandırırlar, o biri tərəfdən isə Babək qalasına bayraq düzməklə məşğuldurlar...
... Bizim şəri və qanuni tənqidlərimizi xarici qüvvələr və siyasi partiyalardan qorumaq lazımdır...
... Çətinliklə çıxan yerli mətbuatı himayə etməliyik. Əgər bu nəşriyyələr olmasaydı, bugünkü siyasi və mədəni düşüncəmiz, eləcə də gəlişməmiz bu həddə çatmazdı. Əgər biz öz qəzet və jurnallarımızı daha çox himayə etsək, sonda məqsədlərimizə vaxtından tez çata bilərik. Bu, millətlərin hər birinin haqqıdır...
... Türk dili və ədəbiyyatını öyrənmək, eləcə də onu kiçik yaşlarından uşaqlarımıza öyrətməliyik. İndi onlar mövcud mədəni və milli sahələrdə olan ögey-doğmalıqdan bizimlə müqayisədə daha çox zərər çəkirlər. Bunu aradan qaldırmaq üçün ərəb əlifbasında türk dilində çoxlu kitablar çap olunmalıdır. Bizlər az tirajla çap edilmiş belə kitablardan istifadə etməliyik. Bu, ana dilimizin öyrənilməsi, heç nə ummadan bu yöndə fəaliyyət göstərən ziyalılarımızın təbliğ olunması və tanınması üçün lazımdır. Cüzi ixtilaflara görə, biz bir-birimizdən uzaqlaşmamalıyıq. Kiçik incikliklərə görə bir-birimizə düşmən kəsilməməliyik. Bir-birimizi qəbul etməliyik və s.".
0 Comments:
Post a Comment
<< Home