عبدالله ذوقی´نین حجت الاسلام عظیمی قدیم´ه یازدیغی مکتوب
Və Hüvəl əziz
Əziz dostum həzrət-i höccət- ül İslam vəl-müslimin Əbdüləziz Əzimi Qədim cənabları
Səlam-un əleykum!
“Rəcəb” ayı girməmişdən, şanlı məşrutənin fərmanı sadir (e`lan) olan günün il dönümündə zindana aparıldın. İndi isə ay yarıdan ötüb sən hələ buraxılmayıbsan. Ay yarıdan ötüb və e´tikafın ilk günündən başlanan aclıq e´tisabını (aclıq aksiyasını) hələ sındırmayıbsan. Bilirəm bu rəhmət ayında dustaqxananın yalqızlığında ürəyin Tanrı yuvasıdır və sən onunla qonuşursan. Bilirəm acsan! Gözlərin qaralır. Susuzsan və başın gicəlir. Bilirəm yuxusuzsan hövsələn dağılır. Deyirlər ac adamın yuxusu da gəlməz!
Dostum!
Bunları çox İslama qısnama! Bunlar İslamı istədikləri kimi düşünürlər; ana yasanı yazıb yadırğadıqları kimi. Bunları yazdıqları 15-ci əslə (maddəyə) də qısnama. Yasa nə, yarasa nə! Yarasa təkcə yasaqlıq yarada bilər. Bunlar sənin sözlərinə qulaq asası deyillər, necə ki öz sözlərinin üstündə durası.
Əziz Dostum Əbdüləziz!
Haq sözlərini söyləməkdə kimsədən qorxmayırsan, çünkü bilirsən sənin Tanrın “Əziz”dir isə- ki əzizdir “Vəllahü əziz-ün züntiqam” (Tanrı əziz və intiqam alandır.Ali imran-4) – qoymaz səni zəlil olasan. Bunlar sevmədikləri sənin haq sözlərini və düz işlərini suç sanıb və özlərinə yaraşıqlı damğalarla səni dustaq etmişlər. Suçsuz Yusifi zindandan qurtaran Allah səni yaddan çıxarmaz və ismət köynəyinin cırılması ilə səni təbriyə edib (sənə bəraət qazandırıb), öz əli ilə səni bu sıxıntıdan qurtarar. Və onların suçluluqların buyunlarına qoyar və sənin öcünü alar.
Əzimi bey!
Bunlar təhkkümləri ilə səni məhkəməyə aparacaqlar və qara qan daman qələmlərinin ucu ilə Azərbaycanın acınmış yaralarının başın açıb daha da acışdıracaqlar. Bir daha eksik hökmləri ilə sənin başını daha da ucaldacaqlar və öz abırlarını aparmaqdan savayı heç nə yapamayacaqlar. Ondadır ki, Azərbaycan xalqının savalan kimi ucalmış başından ürəyinin qaynar qəzəbi coşacaq və vulkan kimi baş açıb onları yandıracaq.
Dustaq dostum!
Bunlar sənin dustaq olmağından da qorxudadılar. Çünkü bunlar yalnız bir şiri yox, bir kişini yox, ürəyi haq sevər və dili haq söylər bir ruhanini dustaq etmişlər və onun azad olub olmamasında da qalıblar. Çünkü özgür igid zindanda da kimsəyə qulluq etməz və heç bir eskigə eyilməz. Bu durumda düzünə baxsaq onlar sənin əsirindilər. Bu fərqlə ki sənin əsirlərin toxdurlar, ama sən ac. Demək bu da “İslam-i nabi Məhəmmədi”nin gözəl hökmlərindən birisidir ki, keçirilir. Beləliklə bəllidir ki, üzü qaralıq kimə qalacaqdır. Bəli, bəllidir. Bunlar Azərbaycanın təkcə canını yox, bütün insanlığı zindana salıblar. Ancaq dostum, döz görək bunlar bıçağı sümükdən sonra hara dayandıracaqlar və yatmış Aslanı, Azərbaycanı necə oyadacaqlar!
Böyük Allahın amanında. Düalarında məni unutma.
16 rəcəb-ül mərcəb
Qum elmiyə hövzəsi
Kiçik qardaşın: Fətullah Zövqi
و هو العزیز!
عزیز دوستوم؛ حضرت حجتالاسلام و المسلمین عبدالعزیز عظیمی قدیم جنابلاری (زید عزّه)
سلام علیکم!
«رجب» آیی گیرمهمیشدن، شانلی مشروطیيتین فرمانی صادر اولان گونون ایلدؤنومونده زیندانا آپاریلدینּ ایندی ایسه آی یاریدان اؤتوب سن هله بوراخیلماییبسان. آی یاریدان اؤتوب و ائعتيکافین ایلک گونوندن باشلانان ائعتيصابینی هله سیندیرماییبسان، بیلیرهم بو رحمت آییندا دوستاغین یالقیزلیغیندا اورهیین تانری یوواسیدیر و سن اونونلا قونوشورسان. بیلیرهم آجسان! گؤزلرین قارالیر، سوسوزسان باشین گیجهلیر، بیلیرهم یوخوسوزسان حؤوصلهن داغیلیر، دئییرلر آج آدامین یوخوسو دا گلمز!
دوستوم! بونلاری چوخ ایسلام´ا قیسناما! بونلار ایسلام´ی ایستهدیکلری کیمی دوشونورلر؛ آنا یاسانی یازیب یادیرغالادیقلاری کیمی. بونلاری چوخ یازدیقلاری اونبئشینجی اصل´ه ده قیسناما یاسا نه یاراسا نه! یاراسا تکجه یاساقلیق یارادا بیلهر، بونلار سنین سؤزلرینه قولاغ آساسی دئيیللر نئجه کی اؤز سؤزلرینین اوستونده دوراسی.
عزیز دوستوم عبدالعزیز! حاق سؤزلرینی سؤیلهمکده کیمسهدن قورخماییرسان نئیه کی بیلیرسن، سنین تانرین «عزیز»دیر ایسه ـ کی عزیزدیر «وَاللّهُ عَزِيزٌ ذُو انتِقَامٍ» (آل عمران / 4) - قویايماز سنی ذلیل اولاسان. بونلار سئومهدیکلری سنین حاق سؤزلرینی و دوز ایشلرینی سوچ سانیب و اؤزلرینه یاراشیقلی دامغالارلا سنی دوستاغا سالیبلار. سوچسوز یوسیف´ی زینداندان قورتاران آللاه سنی یاددان چیخارماز و عيصمت کؤینهيینین گئریدن جیریلماسیلا سنی تبرئه ائدیب، اؤز الیيله سنی بو سیخینتیدان قورتارار و اونلارین سوچلولوقلارین بویونلارینا قویار و سنین اؤجونو آلار.
عظیمی بی! بونلار تحکكوملاريیلا سنی محکمهیه آپاراجاقلار و قاراقان دامان قلملرینین اوجویلا آذربایجان´ین آجینمیش یارالارینین باشیني آچیب داها آجیشدیراجاقلار و بیر داها اسگیک حؤکملریله سنین باشینی داها اوجالداجاقلار و آبیرلاریني آپارماقدان ساوای هئچ نه یاپانمایاجاقلار! اوندادیر کی آذربایجان خالقینین ساوالان کیمی اوجالمیش باشیندان اورهیینین قاینار غضبی جوشاجاق و وولکان کیمی باش آچیب اونلاری یاندیراجاق!
دوستاقلی دوستوم! بونلار سنین دوستاقدا اولماغیندان دا قورخودادیلار نئیه کی بونلار یالنیز بیر شیری یوخ، بیر کیشینی یوخ، کی بیر اورهیی حق سئوهر و دیلی حق سؤیلر روحانینی دوستاغا سالیبلار و اونون آزاد اولوب اولماماسیندا دا قالیبلار؛ نئیه کی اؤزگور ایگید دوستاقدا دا کیمسهیه قوللوق ائتمز و هئچ بیر اسگیيه اییلمز. بو دورومدا دوزونه باخساق اونلار سنین اسیریندیلر. بو فرقله کی سنین اسیرلرین توخدولار آما سن آج! دئمک بو دا «اسلام ناب محمدی»نین گؤزهل حؤکملریندن بیریسیدیر کی کئچیریلیر! بئلهلیکله بللیدیر کی اوزو قارالیق کیمه قالاجاقدیر. بلی، بللیدیر! بونلار تکجه آذربایجان´ین جانین یوخ، بوتون انسانلیغی دوستاغا آلیبلار؛ آنجاق دوستوم! دؤز گؤرهک بونلار پیچاغی سوموکدن سونرا هارایا دایاندیراجاقلار و یاتمیش آسلانی، آذربایجان´ی نئجه اویاندیراجاقلار!
بؤیوک آللاه´ین آمانیندا، دوعالاریندا اونوتما منی!
16 رجبالمرجب 1426
قوم´ون عئلميیه حؤوزهسی
کیچیک قارداشین؛ فتحالله ذوقی
0 Comments:
Post a Comment
<< Home